Ölümün pəncəsindən necə qurtarmaq olar?...

16 2017 17:37

Yağışlı havalarda insanları ən çox narahat edən məsələlərdən biri də İldırım vurmasıdı. İldırımvurmalar nəticəsində kimi canından, kimi də malından olur. Əslində elm-texnikanın bu qədər inkişaf etdiyi bir vaxta ildırım qarşısında aciz qalmamalıyıq. Bunun üçün xüsusi ildırım sipərləri hazırlanıb. Di gəl ki bu qurğuları quraşdırmaq heç kimin ağlına gəlmir. Bahalı olduğundanmı, məlumatsızlıqdanmı, yoxsa laqeydlikdəndimi, deyə bilmərik, amma fakt budur ki, bölgələrdə ildırımötürücülər quraşdırılan binalar yox səviyyəsindədir. Fırtına, qasırğa, tufan kimi təbiət hadisələri ilə müqayisədə ildırımvurmadan ölənlərin sayı daha çoxdur. Hər il dünyada təxminən 3 000-ə yaxın insan ildırımvurmadan ölür. İnsanlar bu təbiət hadisəsindən kifayət qədər qoruna bilmir. Daha çox elektrik avadanlıqlarını sıradan çıxaran bu təbiət hadisəsinə sığorta da zəmanət vermir. Dəyən ziyanın qarşılığı heç bir halda ödənilmir. Bu təbiət hadisəsindən qorunmağın bəzi üsulları var. İldırım daha çox yüksək və sivri yerlərə düşdüyündən, qüllələrin, binaların, elektrik stansiyalarının, elektrik xətlərinin yaxınlığıda ildırım spərləri quraşdırılmalıdır. Paratoner adlanan bu qurğu elektriki torpağa ötürür və ildırımı zərərsizləşdirir. Paytaxda bir çox binalara quraşdırılsa da, əksər bölgələrdə bu qurğular quraşdırılan yerlər barmaqla sayılacaq qədərdir. Bu avadanlıqların quraşdırılmasında sakinlər özləri də maraqlı olmalıdır. Təbiət hadisələrindən heç kim sığortalanmayıb. Baş verə biləcək təhlükənin qarşısını almaq üçün yalnız qabaqlayıcı tədbirlər görülə bilər.