Şamaxının daxili küçələrində asfalt problemi...

06 2021 17:23
Şamaxı rayonunun mərkəzi küçələrinin təmir bərpaya ehtiyacı olduğundan həmin küçələrdən istifadə edən sürücülər çətin anlar yaşayır. Yolda yaranan gölməçələr yağış yağdıqda keçilməz olur. Bu vəziyyət sakinlərin də gediş-gəlişini çətinləşdirir.
Şamaxının əsas ərazilərindən olan S.Ə.Şirvani küçəsinin bəzi hisslərində asfalt örtüyü dağılaraq yararsız vəziyyətə düşüb. Sakinlər deyirlər ki, yol artıq iki ildən çoxdur ki, bu haldadır. Sürücülər kələ-kötür yollar səbəbindən avtomobillərin ehtiyat hissələrinin tez-tez sıradan çıxdığını deyir. Çökmələr, iri çuxurlar ilin hər fəslində hərəkəti çətinləşdirir. Şamaxının girişində olan bu yolda hər gün yüzlərlə avtomobil hərəkət edir. Hansı ki, həmin yol muzeylər və bir çox tarixi abidələrə də aparır. Bu o deməkdir ki, yerli sakinlərlə yanaşı, rayona gələn qonaqlar da bu küçədən istifadə etmək məcburiyyətindədirlər. Şamaxıdakı əksər şəhərdaxili küçələr eyni vəziyyətdədir. Şəhərin Babasəlim Əzizov küçəsində nəinki asvalt örtüyü heç kanalizasiya sistemi də çəkilməyib. Nəticədə küçədə hərəkət palçıq və lildən, yağış sularından, eləcə də ağzı açıq lyuklar səbəbindən keçilməz hal alıb. Problemlər təkcə bunlarla yekunlaşmır. Bəzi küçələrdə piyada səkiləri və avtobus dayanacaqları da yararsız vəziyyətdədir. Rayon icra hakimiyyətindən Şamaxı şəhərinin abadlaşdırılması istiqamətində tədbirlərin davam etdirildiyi, bu problemlərin də tezliklə həllini tapacağı bildirildi.