Balakəndə mağazalara qənim kəsilən oğru tutulub...

13 2021 15:22

Dekabrın 2-dən başlayaraq yanvarın 10-dək şəhər ərazisində yerləşən 13 obyektdən oğurluq və ya oğurluğa cəhdin olunması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub. Əməliyyat-axtarış tədbirləri ilə cinayət əməllərini rayonun Qazma kənd sakini, əvvəllər məhkum olunmuş Mehdi Xəlilovun törətdiyi müəyyən edilib. Telefon, ərzaq, elektronika, cehizlik əşyalar satılan mağazalara və kafelərə üzündə maska, əllərində əlcəklə daxil olan Mehdi Xəlilov kassada olan pulları, eləcə də müxtəlif əşyaları götürərək oradan uzaqlaşıb. Özünə lazım olan heçnə əldə edə bilmədikdə isə obyektlərdəki əşyaları yararsız hala salıb. Mehdi Xəlilov istintaqa təhvil verilib, oğurladığı əşyalar və pulların bir qismi ondan maddi sübut kimi götürülüb. Həmçinin, Mehdi Xəlilov oğurluq məqsədilə daxil olduğu iki mağazada “E-manat” və “MilliÖn” ödəmə aparatlarını sındıraraq içərisində olan 9000 manata yaxın pulu götürüb və müşahidə kamerasının yaddaş qurğusunu da özü ilə aparıb. Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.