Şəkidə yeznə qaynanasını qətlə yetirdi...

13 2021 13:26

Şəki rayon sakini 60 yaşlı Ruqiyə Əhmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib. Aparılmış araşdırmalarla zərərçəkmişin qızının əri 36 yaşlı Rahim Cəlilovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Ruqiyə Əhmədovaya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanib, müvafiq ekspertizalar təyin edilib. Rahim Cəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.