Qurudulmuş xurmaya təlabat daha çoxdu...

12 2021 15:18
Xurma Zaqatala və Balakən rayonlarının iqtisadiyyatında önəmli yer tutur. İlin məhsuldarlığından asılı olaraq bu rayonlarda tədarük edilən xurmanın yalnız müəyyən hissəsi yaş halda satıldığından, geridə qalan məhsulu tələf etməmək məqsədi ilə sakinlər qurudub satışa çıxarırlar.

Yerli və xarici bazarlarda xurmanın yaş halındansa qurudulmuşuna tələbatın daha çox olduğunu nəzərə alan sakinlər artıq neçə illərdir ki, xurmanı həm də qurudaraq bazara çıxarırlar. Zaqatala və Balakən rayonlarının əksər kəndlərində xurma qurusu hazırlanır. Zaqatalanın Car kənd sakini Kahov Əliyev artıq uzun illərdir ki, öz təsərrüfatından topladığı tonlarla xurmanı tələf etməmək üçün ev şəraitində qurudaraq gəlir əldə edir. Bərk xurma soyularaq, saplaqları vasitəsi ilə ipə düzülür,sonra isə qurumaqçün asılır. Qiymətlərə gəlincə, bir kiloqram hazır xurma qurusu ilin fəslindən asılı olaraq, 3-5 manat aralığında alıcılara təklif olunur. Xurma və xurmadan hazırlanan bu məhsullar həm də müalicəvi xarakter daşıyır.Yod çatışmazlığından əziyyət çəkən bölgələrimizdə isə bu məhsullar əvəzedilməz qida vasitəsidir. Təsərrüfatçılar isə ekoloji cəhətdən təmiz, orqanizm üçün faydalı olan yerli məhsulların yetərincə dəyərləndirilmədiyindən gileylənir. Qonşu ölkələrdə bu məhsullar brend sayıldığı halda, yerli bazarlarda nisbətən daha zəif satılır.