3 bacının fəxri, Suqovuşan uğrunda şəhid olan Nazim Hacıyev...

11 2021 14:57
Şamaxının Şərədil kəndində yaşayan Hacıyevlər ailəsi də şəhid verib. 3 bacının yeganə qardaşını ... Atalarını itirdikdən sonra özlərinə ata bilirdi bacıları onu. O isə döyüş meydanını seçdi və düşməni məhv etmək üçün canını qoydu ortaya, qəhrəmanlıqla şəhid oldu. Söhbət Hacıyev Nazim Feyruz oğlundan gedir. Qəhrəmanımızın döyüş yoluna nəzər salaq...
Vətənpərvər, mərd bir insan kimi xatırlanır Nazim. Təzəcə itirmişdi atasını. Feyruz kişi bu dünyadan köçdüyü üçün artıq ailənin başçısı Nazim olmuşdu. Atasının qəlbində qoyduğu yara qabıq bağlamamış Vətən dərdi başlayır. Dar gündə idi torpaqlarımız, köməyinə çatmaq və düşməni qovmaq lazım idi. Vətən müharibəsinin ilk günlərindən Nazim ailəsindən xəbərsiz könüllü olaraq cəbhəyə yollanır. Qəhrəmanımızın şərəfli döyüş yolu da elə buradan başlayır. Ağdərə və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iki dəfə yaralansa da, bu yara onun döyüş əzmini qıra bilməyib. Heç nə olmamış kimi yenidən döyüşə davam edib. Suqovuşanda gedən qızğın döyüşlərin birində isə qəhərmancasına şəhid olub. Döyüşə getdiyi gündən ara-sıra ailəsi, əmisi ilə əlaqə saxlayırmış. Yaxşı olduğunu, düşməni məhv etdiklərini deyirmiş. Oktyabrın 12-si son zəngindən sonra isə Nazimdən daha xəbər çıxmayıb. Qəhrəman şəhidimiz ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.