Balakəndə yaşayış yerini tərk edən COVİD-19 xəstələri saxlanılıb...

09 Noyabr 2020 14:38

Balakəndə yaşayış yerini tərk edən COVİD-19 xəstələri saxlanılıb. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVİD-19 virusuna yoluxmuş 3 nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib. Rayonun Qazma kənd sakini Abdulla Xəlilov, şəhər sakinləri Şəfəq Əhmədova və onunla eyni ünvanda yaşayan Telli Kaltayevanın koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə, onlara ev şəraitində müalicə təyin olunub. Həmin şəxslərə yaşayış yerlərini tərk etməmələri, qaydalara riayət etmələri tapşırılıb. Polis əməkdaşları tərəfindən ev şəraitində müalicə alan COVİD-19 infeksiyasına yoluxmuş şəxslər yoxlanılan zaman onların qaydaları pozaraq, yaşadıqları ünvanları tərk etdikləri aşkar olunub. Dərhal keçirilən tədbirlərlə həmin şəxslərin rayon ərazisində olduqları yer müəyyən edilib. Onların olduqları əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.