Şəkidə qanunsuz ağac kəsməyə görə cinayət işi başlanıldı...

17 2020 18:47

Şəkidə qanunsuz ağac kəsimi aşkar edilib. Hadisə Baş Kəldək bələdiyyəsinin mülkiyyətinə aid, Aşağı Kəldək kəndinin ərazisində qeydə alınıb. 27 ədəd qovaq və 1 ədəd qoz cinsli ağacların məhv edilməsi nəticəsində təbiətə 60 min manat ziyan dəyib. Ağacları kəsənlər əməllərinin ortaya çıxması nəticəsində işlərini yarım qoyaraq ərazidən uzaqlaşıblar. Ərazidə kəsilən əksər ağaclar çox böyük diametrə malik yaş ağaclar olub. Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Şəki Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə tapşırılıb. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilərək ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.