Şəkidə yanğın: Xəsarət alan var...

15 2020 11:48
Şəkidə tövlə yanıb. Yanğın şəhərin Mahmud Əliyev küçəsində Cövdət Qəhrəmanova məxsus evin həyətyanı sahəsindəki ümumi sahəsi 48 kvadratmetr olan mal tövləsində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon yanğından mühafizə hissəsinin üç texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində tövlənin yanar konstruksiyaları və çardağa yığılmış 7 ton quru ot yanıb. Eyni zamanda bir baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub. Ev sahibinin 15 yaşlı oğlu Fuad Qəhrəmanov qorxudan şoka düşüb, həmçinin hər iki ayağının alt hissəsindən yanıq xəsarətləri alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada Fuad Qəhrəmanova lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib. Faktla bağlı araşdırma aparılır.