Qaxda böyük fındıq bağları salınıb...

30 2020 16:36

  Qax rayonunun Güllük kəndində üç il öncə salınan intensiv fındıq bağında məhsul yığımına hazırlıq işləri gedir. Bütün aqrotexniki qaydalara əməl olunmaqla əkilən fındıq tingləri, artıq bu ildən ilk məhsulunu verib.. Şimal-qərb bölgəsində ənənəvi kənd təsərrüfatı sahələrindən olan fındıqçıqlığa maraq artıb. İxrac yükü yüksək olan bu sahəylə artıq kütləvi şəkildə məşğul olurlar. Güllük kəndində fındıq tingləri əkilən 124 hektarlıq ərazi kol-kosdan və daş-kəsəkdən təmizlənərək yararlı vəziyyətə gətirilib. Əkin üçün dövlətin ayırdığı güzəştli kreditlərdən istifadə olunan fındıq bağında bitişin yüksək səviyyədə aparılması üçün bütün aqrotexniki qaydalara riayət edilir. Yay aylarında quraqlığın qarşısının alınması üçün isə, damla suvarma sistemi quraşdırılıb ki, bu da Azərbaycanda fındıq bağlarında tətbiq edilən ilk suvarma sistemidir. Sahələrdə çalışan işçilərin böyük hissəsi Güllük kəndinin sakinləridir. Onlar öz kəndlərində sevdikləri və bildikləri işlə məşğul olurlar. Qeyd edək ki, Şəki və Qax rayonlarında bu günə qədər 2000 hektara yaxın ərazidə intensiv fındıq bağları salınıb. Gələcəkdə fındıq bağlarının 5000 hektara çatdırılması nəzərdə tutulur ki, bu da xeyli sayda insanın işlə təmin olunması deməkdir.