Şəkidə tutulan ayını Balakəndə satmaq istədilər...

03 2020 10:17

ETSN 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin Balakən Rayon Polis Şöbəsi ilə birgə daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat tədbiri nəticəsində adı “Qırmızı kitab” a düşən qonur ayı balalarını satmaq istəyən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, “Ford” markalı avtomobilə baxış zamanı orada 2 qonur ayı balası aşkar edilib. Avtomobildə olan sürücü və sərnişinlər saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onların Şəki rayon sakinləri Anar Abdullayev, Fazil Sadıqov və Vasif Əhmədov olduqları müəyyən edilib. A.Abdullayev və F.Sadıqov ifadələrində Şəki rayonunda meşəyə gedərkən orada qonur ayı balalarını görərək özləri ilə yaşadıqları ünvana gətirdiklərini, bir aydan artıq bəslədikdən sonra 3500 manata onları satmaq üçün V.Əhmədova məxsus avtomobillə Balakən rayonuna gətirdiklərini bildiriblər. Polis əməkdaşları tərəfindən qonur ayı balaları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil verilib və Altıağac Milli Parkı nəzdindəki Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilib. Faktla bağlı araşdırma aparılır.