Şəki və Zaqatalada ikinci əkin prosesinə start verilib...

30 2020 16:21

Zaqatala və Şəkidə taxılın biçildiyi sahələrdə 2-ci əkin həyata keçirilir. Nəzərə alsaq ki, sahələr biçindən sonra 3 ay boş qalacaq, bu qərar fermerlərə əlavə qazanc mənbəyi yaradacaq. Zaqatalada qarğıdalı əkininə başlanılıb. İkinci əkin kimi taxıl biçilən sahələrin şumlanaraq əkildiyi qarğıdalıdan dənlə yanaşı, həm də heyvandarlıqda istifadə edilən yaşıl kütlənin alınması planlaşdırılır. Toxum bazasını təmin etmək məqsədilə Elmi Tədqiqat İnstitutu tərəfindən yaradılan qarğıdalı toxumaları ilə yanaşı, həm də Rusiyanın Krasnodar vilayətindən xüsusi olaraq toxum sortları gətirilib. Zaqatala Bölgə Təcrübə stansiyasının Danaçı dayaq məntəqəsi ərazisində artıq 10 hektar sahədə əkin işləri yekunlaşmaq üzrədir. Şəkidə də təkar əkin prosesinə start verilib. Şəki Dayaq Məntəqəsində həyata keçirilən əkin zamanı xüsusi olaraq gətirilmiş hibrid toxumlardan istifadə edilib. Rayon üzrə 10 hektar sahədə qarğıdalı əkini aparılacaq. Ümumilikdə isə Respublika üzrə 100 min hektar sahədə ikinci əkin kimi qarğıdalı əkini həyata keçirilir. Nazirlər Kabinetinin müvafiq sərancamına əsasən Kənd Təsərrüfatı Nazirliyinə ayrılan 5 milyon manat vəsait hesabına ikinci əkin işlərini həyata keçirən hər bir fermer üçün hər hektara 60 manat məbləğində subsidiyanın verilməsi nəzərdə tutulub. Suvarılmayan dəmyə torpaqlarda əkilən qarğıdalıdan 90 gün ərzində məhsul götürülməsi planlaşdırılır.