Zaqatalada sel təhlükəsinə qarşı tədbirlər görülür...

29 2020 12:35
Son bir neçə həftə yağış yağmaması nəticəsində bəzi ərazilərdə quraqlıq yaranıb. Ancaq həftə sonunun yağıntılı keçməsi bu quraqlığı aradan qaldırsa da sel təhlükəsini də gücləndirib. Bu məqsədlə xüsusilə də dağıdıcı çaylarda selə qarşı mübarizə tədbirləri görülür
Bu il yazın son ayının və yayın ilk günlərinin yağmursuz keçməsi Zaqatalada əkin sahələrinin və eləcə də bağların suvarılmasına ciddi ehtiyac yaratdığı kimi, dağ çaylarında suyun səviyyəsinin də azalmasına səbəb olub. Suvarma sularına qənaət, eləcə də hər bir ərazinin sudan istifadəsini təmin etmək məqsədilə təsərrüfatların suvarılması növbəlilik əsasında həyata keçirilir. Ümumilikdə Zaqatala rayonu üzrə 15 min 562 ha ərazi suvarılır. Suvarmada Muxax, Tala və Katex çaylarının suvarma sistemi ilə yanaşı, qaynama sularından da istifadə olunur. Rayon ərazisindən 7 dağ çayı keçir ki, bu quraqlığın ardınca yağmurların yağması ilə sel təhlükəsini qaçılmaz edir. Baş verə biləcək sel və daşqınların qarşısını almaq məqsədi ilə çay yataqlarının təmizlənməsi, təhlükənin daha qaçılmaz olduğu ərazilərdə yeni beton bəndlərin salınması həyata keçirilir. İlboyu davam edən təhlükəsizlik tədbirləri baş verə biləcək sel riskinin və fəsadların minimuma endirilməsi məqsədi daşıyır.