Fındığı xilas etmək üçün arını məhv edirlər...

25 2020 13:14

Ölkənin ən çox bal ixrac edən rayonu Zaqatalada arıçılıq təsərrüfatları böyük təhlükə ilə üzləşiblər. Zərərvericilərə qarşı mübarizə məqsədilə həyata keçirilən dərmanlama prosesi bir neçə arıçılıq təsərrüfatının məhv olması ilə nəticələnib. Analoji hadisə təəssüf ki, vaxtaşırı ölkənin bir çox ərazilərində baş verir. Zaqatalalı arıçılar dövlət tərəfindən ayrılan subsidiya və şəxsi bacarığı hesabına formalaşdırdığı güclü arı təsərrüfatı ilə bu il yüksək məhsul götürməyi hədəfləyirdi. Lakin hansısa fermer təsərrüfatının səhlənkarlığı Aşağı Tala kəndində Dəmiryolu adlanan ərazidə təsərrüfatlarını yerləşdirən 5 beş fermerin arzusunu ürəyində qoyub. Təsərrüfat sahibləri arı ailələrində işçi arıların 70 fazinin zəhərlənmədən məhv olduğunu deyir. Bəzi arı pətəklərində isə hətta ana arılar belə dərmanın təsirindən zəhərlənməyə məruz qalıb. Bu isə həmin arı pətəyinin tamamilə sıradan çıxması deməkdir. Təsərrüfatçılar arıların qırılmasının səbəbini yaxınlıqda yerləşən fındıq bağlarına vurulan dərman preparatı ilə əlaqələndirirlər. Arıçılar deyirlər ki, təsərrüfatda dərmanlama apararkən, mütləq aidiyyatı qurumlara məlumat verilməlidir ki, onlar da öz növbəsində sözügedən ərazidə yerləşən arıçıları xəbərdar etsinlər. Məlumatlı olacaqları halda, pətəklərin ağzının bir neçə günlük bağlanması və ya bir ərazidən digər əraziyə köç kimi üsullarla arıçılar dəyə biləcək zərərin qarşısını ala bilərlər. Hazırkı vəziyyətdə artıq ilboyu əldə edəcəkləri bal və arıçılıq məhsullarından əllərini üzən təsərrüfat sahiblərini təsərrüfatlarını necə xilas edəcəkləri düşündürür. Atılacaq yeganə addımın isə təcili köç etmək olduğunu deyirlər.