Zaqatalada yol polisi ilə sakinlər arasında qarşıdurma, həbs edilən var...

08 2020 17:11

Baş Dövlət Yol Polisi İdarəsi Zaqatalada yol polisi əməkdaşları ilə sakinlər arasında baş verən qarşıdurmaya aydınlıq gətirib. Bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb. Araşdırmalar zamanı məlum olub ki, rayonun Kəpənəkçi kəndi ərazisində yüksək sürətlə hərəkət edən kənd sakini Cavid İsayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə bir nəfərin ev quşlarını vuraraq öldürüb. Bunu görən DYP əməkdaşları həmin sürücüyə saxla əmri verib. Lakin sürücü yol polisi əməkdaşlarına tabe olmayaraq hərəkətini davam etdirib. Buna baxmayaraq, həmin sürücü məcburi qaydada saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, həmin avtomobili idarə edən şəxsin sürücülük hüququ yoxdur. Həmçinin onun etibarnaməsi də olmayıb. Videodan da göründüyü kimi sürücü və onun həyat yoldaşı məsuliyyətdən yayınmaq üçün ajiotaj yaratmağa cəhd ediblər. Buna baxmayaraq polis əməkdaşları şəraitə uyğun hərəkət edərək qanuni tədbir görüb. Həmin şəxslərin hərəkətləri ilə bağlı toplanmış materiallar məhkəməyə göndərilib. Rayon məhkəməsinin qərarı ilə polisə müqavimət göstərən həmin sürücü 10 sutka inzibati həbs cəzası alıb. Səs-küy salaraq ictimai qaydanı pozan qadın isə 50 manat cərimə edilib.