Zaqatala və Qəbələdə maarifləndirici tədbirlər davam etdirilir...

02 2020 17:46
Zaqatala və Qəbələdə karantin qaydalarına riayət edib etməyənlər yoxlanılır. Hər iki rayonda da maarifləndirici işlər aparılır. Zaqatalada sakinlərin xüsusi karantin rejiminə əməl etmələri üçün maarifləndirici işlər davam etdirilir. Rayon rəhbərliyi və İcra Hakimiyyəti yanında yaradılan Qərərgah və mobil qrupların nümayəndələri əhalinin sıx olduğu ərzaq mağazalarında və apteklərdə qoruyucu vasitələrdən istifadə etməyən insanları virus təhlükəsi barədə məlumatlandırıb. Bildirilib ki, Qərərgahın hər bir tövsiyyə və tapşırığına əməl etmək əhalinin sağlamlığı və virusa yoluxmaması üçün vacibdir. Sakinlərin əksəriyyəti maska kimi qoruyucu vasitələrin tapılmadığını əsas gətirib. Qəbələdə də xüsusi karantin rejimi ilə əlaqədar tədbirlər davam etdirilir. Karantin rejimi ilə əlaqədar rayona giriş-çıxış məhdudlaşdırılıb. Bu məqsədlə Qəbələ Rayon Polis Şöbəsinin Yol Patrul və Post Patrul Xidməti əməkdaşları tərəfindən postlar qurulub, avtomobillər saxlanılır, sürücü və sərnişinlər yoxlanılır. Həmçinin rayon ərazisində polis əməkdaşları tərəfindən mütəmadi olaraq sakinlərlə maarifləndirici söhbətlər aparılır, xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə tələb və tövsiyələr vətəndaşların diqqətinə çatdırılır. Həyata keçirilən bütün tədbirlərin sakinlərin sağlamlığının qorunmasına xidmət etdiyi izah olunur. Həmçinin fəaliyyət göstərməsinə icazə verilmiş obyektlər istisna olmaqla, digər ictimai iaşə müəssisələrinin işləməsi karantin rejiminə uyğun olaraq dayandırılıb və rejim qaydalarının pozulmaması üçün Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən nəzarət aparılır. Bu tədbirlərdən əlavə dezinfeksiya işləri də davamlı olaraq aparılır.