Şəkidə dezinfeksiyaedici tədbirlər intensivləşdirilib...

26 2020 17:37
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Şəkidə dezinfeksiya işləri daha intensiv xarakter alıb.
Şəkidə dezinfeksiya işləri ayrı-ayrı əraziləri əhatə etməklə gündəlik olaraq aparılır. Təhsil, səhiyyə və mədəniyyət müəssisələri tam dezinfeksiya olunub. Eləcə də insanların sıx toplaşdığı ərazilər, yaşayış məhəllələri, yaşayış binalarının giriş hissələri və pilləkənlər, parklar dezinfeksiya edilib. Əhali arasında maarifləndirici tədbirlər aparılıb. Şəki bazarında da dezinfeksiya işləri aparılıb. Bazar bağlandıqdan sonra əraziyə mütəxəssislər və xüsusi texnika cəlb edilib. Geyim və yeyinti bölmələri diqqətli şəkildə təmizlənib və dərmanlanıb. Yerlərə xüsusi maddələr tökülüb və satışların həyata keçirildiyi qapalı məkanlar dezinfeksiya edilib. Şəkidə fəaliyyət göstərən şəhərdaxili ictimai nəqliyyat vasitələri də dezinfeksiya edilir. Sakinlərin gediş-gəlişinə mane olmamaq üçün bu proses mərhələli şəkildə aparılır. Şəki Avtovağzalının meydançasına gətirilən mikroavtobuslar dərmanlanıb. Dezinfeksiya edilmiş avtobuslar xəttə növbəti gün buraxılıblar. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindəki abidə və muzeylərin, həmçinin Kiş Tarix-Memarlıq Qoruğunun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun Narın Qala divarları daxilində, eləcə də digər obyektlərdə dezinfeksiya işləri aparılıb, qabaqlayıcı tədbirlər həyata keçirilib. Şəhər ərazisində dezinfeksiyaedici tədbirlər növbəti günlərdə də davam etdiriləcək.