Qaxda yaşayış evində partlayış olub...

18 2020 17:19

Qaxda yaşayış evində partlayış baş verib. Nəticədə yaşlı ər-arvad ağır yanıq xəsarətləri alıblar. Səhər saatlarında rayonun Qıpçaq kəndində kənd sakini, 64 yaşlı Narıngül Osmanova yaşadığı evdə qaz sobasını yandıran zaman anidən alovla müşahidə olunan partlayış baş verib. Nəticədə Narıngül Osmanova və əri, 83 yaşlı Hacı Osmanov müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Ər və arvadın köməyinə ilk olaraq qonşuları gəliblər. Osmanovlar ailəsinin yaxın qonşusu Eyvaz Davudovun sözlərinə görə, səhər saatlarında güclü partlayış səsi eşidib, həmin istiqamətə doğru qaçıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Tibb müəssəsindən bildirilib ki, yaralılara lazımi tibbi yardım göstərilib. Həmin şəxslərin bədənlərinin 70 faizi yanıb. Onların müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulur. Faktla bağlı araşdırma aparılır.