Şamaxıda “Pir Ömər Sultan” ziyarətgahında arxeoloji qazıntılar aparılır...

17 2020 17:34
Şamaxının Avaxıl kəndində Mədəniyyət Nazirliyi və TİKA-nın birgə layihəsi əsasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Avaxıl arxeoloji ekspedisiyası professor Qafar Cəbiyevin rəhbərliyi ilə mart ayının əvvəlindən etibarən tədqiqatlara başlayıb.
Şamaxıda “Pir Ömər Sultan” ziyarətgahının xəlvəti sufi məktəbinin banisi Əbu Siracəddin Ömər Avaxıliyə aid olduğunu müəyyən etmək məqsədi ilə tədqiqatlara start verilib. Arxeoloqlar hesab edir ki, bu ərazi Azərbaycanda və dünyada xəlvətiliklə bağlı ilk xanəgahdır. 133 kvadratmetr sahədə aparılan ilkin arxeoloji tədqiqatlar zamanı XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxılıyə aid olduğunu təsdiqləyən artefaktlar aşkar olunub. Türbə qaya və çay daşlarından istifadə olunmaqla inşa edilib. Türbənin üstü tağvari formada olan giriş qapısı cənub tərəfdəndir. Türbənin içərisində kənarları birqat bişmiş kərpiclə əhatələnən iki qəbir kamerası, şirli və şirsiz keramika nümunələri, müxtəlif tarixi dövrlərə aid pullar aşkar olunub. Ziyarətgahın ətrafında çoxsaylı insanlar dəfn olunub. Onlardan türbənin şərq tərəfində tədqiq olunan iki qəbir üzərindəki kitabə Pir Ömər ziyarətgahının məhz xəlvətilik sufi təliminin banisi Pir Ömər Avaxılıya aid olduğunu təsdiqləyən çox mühüm tarixi mənbə kimi dəyərləndirilə bilər. Tədqiqatların davamlı və səmərəli aparılması, abidənin təbii və antropogen təsirlərdən qorunması məqsədilə Şamaxı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə abidənin üstü yüngül konstruksiyalardan istifadə olunmaqla örtülüb. Hazırda Avaxılda arxeoloji tədqiqatlar davam edir. Yaxın gələcəkdə zəruri konservasiya və bərpa işləri aparılmaqla ərazinin arxeoparka çevrilməsi planlaşdırılır.