Bu təsərrüfatda alternativ enerjidən istifadə edilir...

04 2020 12:04
Daha sərfəli və ekoloji cəhətdən təmiz enerjinin əldə oluna biləcəyi yerlərdən biri də təsərrüfat sahələridir. Hansı ki, barmaqla sayılacaq qədər də olsa bu sahəyə maraq göstərən təsərrüfatçılar var. Sujetimizin qəhrəmanı kimi..
Şəkidə yerləşən (Bio Garden) aqro-turizm təsərrüfatında da artıq alternativ enerji mənbəyi olan günəş panellərindən istifadə edilir. Təsərrüfatın sahibi Etibar Nuriyev günəş panellərinin alternativ enerjini əldə eləməkdə əvəzsiz olduğunu və imkan daxilində artırmaq istədiyini deyir. O təsərrüfatda alternativ enerjinin istifadəsi üçün geniş imkanların olduğuna diqqət çəkir. Nəzərə alsaq ki, Azərbaycanda günəşli günlərin sayı daha çoxdur, günəş panellərindən istifadə böyük fermer təsərrüfatlarına çox yaxşı təsir göstərəcək. Ancaq müsahibimiz fermerlərin bu sahədən o qədər də məlumatlı olmadıqlarından gileylənir. Ekoloji cəhətdən də alternativ enerji mənbələri təsərrüfatda daha təmiz və orqanik məhsulların yetişməsinə şərait yaradır. Etibar Nuriyev ölkəmizdə daha bir yenilik kimi sayılan bio qazdan da istifadə edilə biləcəyinə diqqət çəkir. Əlbəttə bio qaz hazırda demək olar ki, istifadə edilmir. Ancaq təsərrüfatda bu enerji növü çox asan əldə edilə bilər. Hazırda aqro-turizm təsərrüfatları ölkəmizdə çox azdır. Bu kimi təsərrüfatlarda alternativ enerjinin istifadəsi isə demək olar ki, yoxa hesabdır. Bu səbəbdən də, geniş təbliğata ehtiyac var.