Şəkidə "Qış məktəbi"nin açılışı olub

19 2020 11:34

Şəkidə Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Qış məktəbi”nin açılış mərasimi olub. Beş günlük layihəyə Azərbaycanın müxtəlif bölgələrindən 60-dan çox könüllü gənc qatılıb. “Qış məktəbi”nin açılış mərasimində Fondun İcraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov çıxış edərək bildirib ki, bu il Prezident İlham Əliyevin Sərəncamı ilə “Könüllülər ili” elan edilib. Mənəvi Dəyərlərin Təbliği Fondu bu Sərəncama əsasən ötən illərdə olduğu kimi, bu il də könüllülük fəaliyyəti ilə bağlı bir sıra geniş layihələri həyata keçirməyi planlaşdırır. Qeyd edilib ki, bu cür layihələrin həyata keçirilməsində əsas məqsəd ölkə gənclərini milli və mənəvi dəyərlərimizin təbliğində könüllü fəaliyyətə cəlb etmək, bu dəyərlərin inkişaf etdirilməsində, yaşadılmasında könüllülərin rolunu artırmaqdır. Daha sonra şair, yazıçı Kənan Hacının “Mənəvi dəyərlərimiz və ədəbiyyat” mövzusunda mühazirəsi dinlənilib. Qeyd edək ki, “Qış məktəbi”ndə iştirak edən könüllülər Şəki şəhərində Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq muzeyi, Xan sarayı, Karvansaray kompleksi və digər mədəniyyət ocaqlarını, tarixi-mədəni, dini abidələri ziyarət edəcəklər. “Qış məktəbi” çərçivəsində könüllülər “Dəyərlərimizin təbliğində könüllülük fəaliyyəti” ilə bağlı məruzələri dinləyəcək, intellektual, milli oyunların iştirakçısı olacaqlar. “Qış məktəbi”nə fevralın 21-də yekun vurulacaq.