Şamaxıda zəlzələdən sonra qəzalı vəziyyətə düşən məktəb üçün yeni bina tikilir...

14 2020 18:15
Ötən ilin fevralında Şamaxıda baş verən zəlzələdən sonra rayonda onlarla fərdi yaşayış evi, inzibati binalar, sosial obyektlər qəzalı vəziyyətə düşmüşdü. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq tez bir zamanda yeni evlər, yaşayış binaları inşa edilərək vətəndaşların istifadəsinə verildi. Təmir və bərpaya ehtiyacı olan evlər, binalar, sosial obyektlər də diqqətdən kənarda qalmadı. Bunlardan biri də hazırda inşası aparılan Şamaxı şəhəri 2 saylı tam orta məktəbidir. Şamaxı şəhərində 2 saylı tam orta məktəb üçün yeni bina inşa edilir. Dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq, müasir standartlara cavab verən 1180 şagird yerlik yeni məktəb binası dörd mərtəbədən və dörd korpusdan ibarət olacaq. Binada akt və idman zalları, siniflər, kimya otağı və laboratoriya, hərbi kabinetlər yaradılacaq. Tədris ocağı zəruri avadanlıqlarla təchiz ediləcək. Tikintisi aparılan məktəbin şagirdləri hazırda təhsillərini tədris ocağının digər binasında davam etdirirlər. Köhnə məktəb binasının qəzalı olması ilə bağlı qərar verildikdən sonra tədris iki növbəli olmaqla, ibtidai siniflər üçün ayrılmış binada aparılır. Qeyd edək ki, vaxtılə fəaliyyət göstərən məktəb binası 3 mərtəbə, 2 korpus 94 sinif otağından ibarət idi. Məktəbin qəzalı vəziyyətdə olan korpusu 1985-ci ildə, digər hissəsi isə 2005-ci ildə tikilib. Mindən çox şagirdin təhsil aldığı məktəbdə siniflər, o cümlədən tavan, döşəmə və divarlar qəzalı vəziyyətə düşmüşdü.