Şamaxıya müasir avtobuslar gətirildi...

07 2020 17:17
Şamaxıda ilk dəfə olaraq sərnişindaşımada müasir avtobuslardan istifadə olunacaq. Prezident İlham Əliyevin Sərəncamı ilə Şamaxıda ictimai nəqliyyatın keyfiyyətinin yaxşılaşdırılması və avtobus şəbəkəsinin optimallaşdırılması üçün alınmış yeni avtobuslar əhalinin xidmətinə veriləcək.
Şamaxı şəhərində marşrut xətti üzrə sərnişindaşıma xidməti 8 il öncə fəaliyətə başlayıb. Şəhərdaxili marşrutlarda xidmət göstərən cəmi 5 avtobus var ki, həmin avtobuslar da demək olar ki, istismar müddətini başa vurub. Texniki vəziyyəti aşağı, salon və oturacaqları yararsız olan bu avtobuslar həm də sayının az olması səbəbindən gecikmələrə səbəb olur. Artıq Şamaxı sakinlərinin marşurut problemi öz həllini tapib. Prezident İlham Əliyevin “Şamaxı rayonunda xidmət infrastrukturunun texniki təminatının gücləndirilməsi haqqında” Sərəncamının icrası çərçivəsində Şamaxıya Türkiyə istehsalı olan yeni, müasir standartlara cavab verən iritutumlu avtobuslar gətirilib. Yeni sərnişin avtobusları şəhər sakinlərinə və qonaqlara yüksək səviyyədə xidmət göstərəcək. İlkin olaraq 9 yeni avtobus gətirilib. "Avro 5” standartlarına cavab verən yeni avtobuslar digərlərindən geniş salonu, rahat oturacaqları və müasir texniki təchizatı ilə fərqlənir. Avtobuslar müasir videomüşahidə və videoqeydiyyat sistemi, həmçinin kondisionerlə təchiz olunub. Avtobuslar hər gün səhər saat 07:00-dan axşam 19:00-dək şəhər daxilində 9 istiqamət üzrə hərəkət edəcək. Yeni avtobusların sürücüləri sərnişinlərə yeni geyim formalarında xidmət göstərəcəklər. Artıq sürücüləri təlimatlandırmaq məqsədi ilə treniqlər də təşkil olunub. Yeni marşurut avtobusları yaxın günlərdə xəttə buraxılacaq.