Gənclər günü münasibətilə bölgələrdə gənclərlə görüşlər keçirilib...

03 2020 16:04
Rayonun ictimai-siyasi həyatında fərqlənən gənclər mükafatlandırılıb. 2 Fevral Gənclər günü Balakəndə geniş qeyd edilib. Əvvəlcə rayon gənclərinin əl işləri və uğurlarından bəhs edən sərgiyə baxış keçirilib. Ardınca keçirilən tədbirdə vurğulanıb ki, gənclərdə sosial məsuliyyət hissini, onların fəallığını artırmaq, gəncliyin potensialından səmərəli istifadə etmək məqsədilə bir sıra addımlar atılır. Bunlardan biri də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu ilin “Könüllülər ili” elan edilməsidir.Tədbir çərçivəsində 2019-cu ildə gənclərin əldə etdiyi uğurlardan bəhs edən videoçarx nümayiş etdirilib. 200-dən çox gəncin qatıldığı tədbir bədii hissə ilə davam edib.
Gənclər Günü münasibəti Zaqatalada keçirilən silsilə tədbirlərə rayon rəhbərliyi və fəal gənclər qatılıb. Zaqatala gənclərinin uğurlarından bəhs edən film nümayiş olunub. Çıxış edənlər 2019-cu ildə gənclərlə iş və idman sahəsində həyata keçirilən layihələrdən söz açıb, əldə olunan uğurlardan danışıb. Gənclər siyasətinin Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri olduğu vurğulanıb. Rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən gənclərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.Tədbir gənclərin hazırladığı maraqlı konsert proqramı ilə başa çatıb.
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Qax şəhərində bayram tədbiri keçirilib. Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev v\ digər çıxış edənlər ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. Vurğulanıb ki, Azərbaycanda dövlət gənclər siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər respublikamıza rəhbərliyinin bütün dövrlərində sağlam gəncliyin, bu dövlətə sahib dura biləcək, onu inkişaf etdirəcək bir nəslin yetişməsinə çalışıb. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rəngarəng konsert proqramı ilə davam edən bayram tədbirinin sonunda 2019-cu ildə rayonun ictimai-siyasi, təhsil, idman, incəsənət və digər sahələrdə uğur qazanan gənclərinə rayon icra hakimiyyətinin, Gənclər və İdman İdarəsinin fəxri fərmanları təqdim olunub.
İsmayıllı könüllülərinin birinci ümumrayon toplantısı da Gənclər gününə həsr olunub. 2020-ci ilin “Könüllülər ili” elan edilməsi, eləcə də Gənclər günü rayonda böyük coşqu, bayram əhval-ruhiyyəsi ilə qeyd olunub. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Gənclər Fondunun rəsmisi Qədir Xəlilov və digər iştirakçılar Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş sərgiyə baxıblar. Ardınca keçirilən toplantıda “Könüllülər ili” barədə məlumat verilib. Vurğulanıb ki, ölkəmizdə yeniyetmə və gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar açılır. Gənclər də öz növbəsində dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Çıxışlardan sonra İsmayıllı Uşaq incəsənət məktəbinin müəllim və şagirdlərinin ifaları alqışlarla qarşılanıb. Rayonda fərqlənən gənclər mükafatlandırılıb. Sonda toplantı iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanmış müraciət oxunub.
Şamaxı rayonunda da 2 fevral “Respublika Gənclər Günü” qeyd olunub. Şamaxı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Dövlət gənclər siyasəti çərçivəsində rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verilib. Sonra tədbir mərkəzin foyesində Şamaxı RİH-tinin başçısı Tahir Məmmədovun iştirakı ilə davam etdirilib. İcra başçısı bildirib ki, könüllülük vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu sahədə Şamaxı gəncliyi də öz işini günün tələbləri səviyyəsində quracaq və könüllülük hərəkatının geniş vüsət alması üçün lazımi işlər görəcək. Sonda rayonun fəal gəncləri mükafatlandırılıb.