Şamaxıda yeni stadion tikiləcək...

29 2020 17:06
Bir çox tarixi oyunlara şahidlik edən illər öncə SSRİ çempionatı və Azərbaycan çempionatının oyunlarının keçirildiyi Şamaxı rayon mərkəzi stadionu neçə illərdir ki, yararsız vəziyyətdədir. Elə bu səbəbdən də stadion yarışa, sakinlər isə futbola həsrət qalıb. Nəhayət ki, uzun fasilədən sonra stadionun necə deyərlər, "bəxti açılıb". Şamaxının mərkəzində yerləşən stadion 1981-ci ildə istifadəyə verilib. Stadion 1990-cı ilə qədər SSRİ, sonra isə Azərbaycan çempionatına ev sahibliyi edib. 1990-cı illdə Şamaxıda yaranmış "İnşaatçı" klubu 4 il sözügedən arenada Azərbaycanın məhşur klubları ilə mübarizə aparıb. Stadion Anatoli Banişevski kimi bir çox məhşur idmançıları qonaq edib. Türkiyənin "Netaş", Şamaxının "İnşaaçı" futbol klubları arasında​ keçirilən yoldaşlıq görüşü də məhz bu stadionda baş tutub. 26 ildir ki, bu idman arenası futbolçuya, 5 minə yaxın azarkeşin toplaşdığı tribunalar isə tamaşaçı üzünə həsrət qalıb. 1994-cü ildə klub maddi çətinliklər səbəbindən fəaliyyətini dayandırdıqdan sonra stadion baxımsızlıq səbəbindən yararsız vəziyyətdə düşüb. Stadionun oturacaqları sınıb, otaqları dağılıb, meydançanın ot örtüyündən isə danışmağa dəyməz... Ancaq tezliklə bir çox tarixi oyunlara şahidlik edən bu məkan tezliklə bərpa olunacaq. AFFA-nın prezidenti Rövnəq Abdullayev ötən gün mətbuata açıqlamasında Şamaxıda yeni stadionun tikiləcəyi müjdəsini verib. Artıq stadiona qurum tərəfindən baxış keçirilib. Yeni stadionun tikintisinə mart ayından start veriləcək .