Yeni körpünün inşası 20 mindən artıq sakinin gediş-gəlişini asanlaşdıracaq...

29 2020 13:17
Son illər respublikada yol infrastrukturu layihələri icra olunur, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün avtomobil yolları yenidən qurulur, qəzalı vəziyyətə düşmüş körpülər bərpa olunur və yeniləri inşa edilərək əhalinin istifadəsinə verilir. Qəbələdə tikintisinə başlanan yeni körpü də 20 mindən artıq sakinin gediş-gəlişini asanlaşdıracaq.
Qəbələ rayonunda 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisinə başlanılıb. Körpü ilə yanaşı, Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası da nəzərdə tutulur. Bu kəndlərin sakinləri Bum çayının bir tərəfindən digər tərəfinə keçməkdə çətinlik çəkir, rayon mərkəzinə və ətraf yaşayış məntəqələrinə getmək üçün təqribən 30-35 kilometrdən artıq əlavə yol qət etməli olurdular. Yeni körpüdə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə piyada səkilərinin qurulması da nəzərdə tutulur. Hazırda körpünün tikintisi sürətlə davam edir. Bu körpünün istifadəyə verilməsi ilə 20 mindən artıq sakinin rayon mərkəzinə çıxışı asanlaşacaq, onların yetişdirdikləri məhsulların rayon mərkəzinə və qonşu rayon bazarlarına rahat daşınmasına imkan yaranacaq. Bundan başqa, körpünün istifadəyə verilməsi, həmçinin yolun əsaslı şəkildə bərpası turizmin də inkişafına səbəb olacaq.