Şəkidə seçkilərdə polisin xidməti fəaliyyətinə dair məsələlər müzakirə olunub...

28 2020 15:10

Milli Məclisə seçkilərin sabitlik və əmin-amanlıq şəraitində keçirilməsi üçün daxili işlər orqanlarının qarşısına qoyulmuş vəzifələrin nümunəvi yerinə yetirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu mühüm dövlət tədbirinin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsində, seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsində ictimai asayişin etibarlı qorunması mühüm amillərdən biridir. bu fikirlər Milli Məclisə seçkilərdə polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar Şəkidə keçirilən regional seminar-müşavirədə səsləndirilib. Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir seçki prosesində, eləcə də səsvermə günü polisin xidməti fəaliyyətini, polis orqanları ilə seçki komissiyalarının qarşılıqlı fəaliyyətini təkmilləşdirmək, bu istiqamətdə görülmüş işlərin səmərəliliyini daha da yüksəltmək məqsədi daşıyıb. Seminar-müşavirədə MSK-nın üzvləri, Daxili İşlər Nazirliyinin əməkdaşları, Şəki-Zaqatala bölgəsində, eləcə də ətraf şəhər və rayonlarda fəaliyyət göstərən 17 seçki dairəsi üzrə dairə seçki komissiyasının sədrləri, 11 şəhər və rayon polis orqanlarının nümayəndələri iştirak ediblər. Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb. Seminar-müşavirədə ATƏT-in beynəlxalq müşahidəçiləri də iştirak ediblər.