"20 Yanvar” faciəsinin 30-cu ildönümü bölgələrdə anıldı...

20 2020 16:50
Qobustan rayonunda “20 Yanvar” faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Milli Qürur günümüzdür!” adlı ümumrayon tədbiri keçirilib. İştirakçılar Qobustan rayonunda yerləşən şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin abidəsi önünə qərənfillər düzülüb. Rayon icra hakimiyyətinin akt zalında davam edən tədbirdə “20 Yanavar”a həsr olunmuş film nümayiş olunub. Çıxış edənlər bildirib ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə kimi deyil, eyni zamanda xalqımızın istiqlal yolunun, müstəqillik arzularının zirvəsi, milli məfkurəmizdə azadlıq istəyinin oyanış günü kimi daima yaşayacaq. Sonda “20 yanvar- Milli Qürur günümüzdür!” adlı ədəbi-bədii kompozisiya və videoçarx nümayiş olunub.
Şamaxıda da minlərlə rayon sakini Şəhidlər Xiyabanını ziyarət edib, xatirələrinə ehtiramlarını bildiriblər. Vətənimizin müstəqilliyi uğrunda canından keçən şəhidlərin xatirəsinin 30-cu ildönümünə həsr olunan tədbirdə bildirilib ki, yüzlərlə insanın qətlə yetirilməsi, yaralanması və itkin düşməsi totalitar sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib.Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına qarşı tarixi cinayətin törədilməsinin ictimailəşdirməsində, faciəyə hüquqi, siyasi qiymət verilməsində misilsiz xidmətləri xüsusi vurğulanıb.
İsmayıllı rayonunda da Vətənimizin müstəqilliyi uğrunda canından keçən şəhidlərin xatirəsi anılıb. İctimaiyyət nümayəndələri və minlərlə rayon sakini şəhərin mərkəzindən Şəhidlər xiyabanına qədər yürüş edib, şüarlar səsləndiriblər. Şəhidlərin ruhuna dualar oxunub.
20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə Qəbələ və Oğuzda da ümumrayon tədbiri keçirilib. Rayon ictimaiyyəti və sakinlər “Şəhidlər Xiyabanı”nı ziyarət edərək torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini yad edib, məzarlarına gül dəstələri düzüblər.
Şəkidə 20 yanvar faciəsinin 30-cu ildönümündə şəhər əhalisi şəhidlər xiyabanına axın edərək burda ümumxalq mitinqi keçirib. Şəhidlərin məzarı önünə tər çiçəklər düzülüb. Çıxış edənlər şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün rayonda görülən işlərdən, onların ailələrinə göstərilən qayğıdan bəhs ediblər.
Xalqımızının qəhrəmanlıq səlnaməsi, milli qürur günü kimi qeyd etdiyi “20 Yanvar faciəsi”nin 30-cu ildönümü ilə əlaqədar Qax şəhərində keçirilən ümumrayon tədbirində dəsakinlər axın -axın Şəhidlər xiyabanına gəlib, Vətənimizin azadlığı və ərazi bötövlüyü uğrunda canlarını qurban verən igidlərimizin məzarları üzərinə gül dəstələri düzüblər. Şəhidlərin tuhuna dualar oxunub.
20 Yanvar faciəsinin 30-cu ildönümü Zaqatala və Balakəndə də dərin hüznlə qeyd olunub. Səhər saatlarından başlayaraq ictimaiyyət nümayəndələri şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib. Xatirə kompleksinin önünə tər qərənfillər düzülüb, şəhidlərin ruhuna dualar oxunub. Bütün ölkə ərazisində olduğu kimi saat 12 də şimal-qərb bölgəsində də "20 Yanvar" şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.