Bu kəndin cəmi bir sakini var...

17 2020 17:43
Təsəvvür edin ki, bir kənddə yaşayırsınız və o kənddə sizdən başqa heç kəs yoxdur. Nə qonşu, nə də dara düşəndə köməyinizə çatacaq bir kimsə. Sadəcə siz və yırtıcı heyvanlar. Nə qədər tükürpədici olsa da kəndlərin boşalması sayəsində bu vəziyyət yaranıb. Əməkdaşımız Cavanşir Seyfəddinoğlu tək sakini olan həmin kənddə qonaq olub. Oba köçüb, yurdu qalıb... Şamaxının Acıdərə kəndində vəziyyət bu məsəldəki kimidir. Kənddə bir neçə ev olsa da, yalnız bu evdə yaşayış var: o da ki cəmi 1 nəfər. Alı Nəhmətov Acıdərənin tək sakinidir... Pirsaat çayının sahillərində yerləşən kənd ötən əsrin 70-ci illərində salınıb. Kəndin ərazisi dağlıq və düzənlikdən ibarətdir. Buranın köçəri həyat sürən sakinləri bir müddətdən sonra yerlərini dəyişiblər. ​Heyvandarlıq üçün olduqca əlverişli olan bu torpaqların tək sakini​ Alı kişi isə artıq 7 ildir ki, burada tənha ömür sürür. Kənddə olan tək insan Alı kişi olsa da tək canlı o deyil. Südü, qatığı, pendiri, əti ilə dolandığı qoyunları və o qoyunlara göz dikən çöl canavarları var. Hə, bir də o qoyunlarını canavarlardan qoruyan çoban itləri. Üç övladı olan Ali kişinin ailəsi ayda bir dəfə onu ziyarətə gəlir. Lakin bütün çətinliklərə baxmayaraq o burda özünü xoşbəxt hiss edir. Elə bu tənhalıqdan xilas olmaq üçün, Alı kişi arzulayır ki, Acıdərədə işıq gələn evlərin sayı artsın, qalan ömrünü qonşuları, qohumları ilə birgə yaşasın.