Daş qayalar içində yatan tarix...

16 2020 17:41

Qobustan rayonunda yerləşən əhəmiyyətli tarixi abidələrdən biri də Qalacıq mağaralarıdır. 5,6-cı əsrə aid olduğu bildirilən bu mağaralar öz​ qeyri-adiliyi ilə fərqlənir. Təəssüflər olsun ki, sözügedən tarixi məkan yox olmaq təhlükəsi ilə üz-üzədir. Qobustan rayonunda yerləşən Qalacıq mağarası olduqca sərt qayalıq və dağlıq ərazidə yerləşir. Bu tarixi məkana getmək​ üçün avtomobillə yola çıxsaq da bir müddət sonra yolu piyada davam etməli olduq. Kənddən təxminən 3-4 min metr cənub-şərqdə yerləşən tarixi məkanda 6 mağara mövcuddur. Qayalıqda daşların arasında ovularaq tikilən evlərin hücrələri bir-birinə bağlıdır. Hər bir hücrənin daxilində giriş-çıxış üçün yollar var. Zamanla təbii amillər səbəbindən aşınmaya məruz qalan abidənin hücrə bölməsinə hazırda girmək mümkünsüzdür. Tarixi mənbələrdə abidənin 5-6 cı əsrə aid olduğu, ətrafında ​ sıx meşəlik və su ehtiyatlarının olduğu bildirilir. Mamırlı qayalardan süzülüb gələn damcı üsulu ilə axan şirin su isə xüsusilə diqqəti cəlb edir. El arasında bu yerə göz yaşı deyilir. Bir çox gözəllikləri özündə əks etdirən bu tarixi ​ məkandan ​ xəbərsiz olan çoxdur. Mağaraya getmək istəyənlərin arzusu isə elə arzu olaraq da qalır. Kənd sakinləri hesab edir ki, bu qədim məkanın ​turizm marşurutuna salınması onun tanıdılması baxımından əhəmiyyətli rol oynaya bilər.