Rusiyada məşhur olan şəkili rəssam...

13 2020 17:21

Taksi sürücüsü və rəssam. İki sənəti bir araya gətirən həmyerlimiz uzun illər Rusiyada yaşayıb. O, öz sənətini başqa sahələrdə çalışsa da, daim yaşadıb və bununla da müştərilərinin belə sevgisini qazanıb. İllər boyu vətəndən uzaqda yaşayan rəssam artıq öz yaradıcılığını Şəkidə davam etdirir. Rusiyada məşhur olan şəkili rəssam Eldəniz Abdullayevin rəsmə marağı hələ uşaq yaşlarında yaranıb. İllər ərzində bu maraq daha da böyüyüb. Hətta bu sahə üzrə təhsil də alıb. Lakin pul qazanmaq istəyi onun başqa sahələrə yönəlməsinə səbəb olub. Neçə illər Rusiyada taksi sürücüsü işləyən Eldəniz Abdullayev öz sevdiyi sənətindən də ayrı qala bilməyib. Hazırda vətənə geri qayıdan həmyerlimiz Şəkidə yaşayır və yaradır. Rəsm əsərləri ilə yanaşı, heykəltəraşlıq da edən Eldəniz Abdullayev maraqlı əl işləri ilə diqqət çəkir. Ölkəmizdə rəsm əsərlərinə marağın az olduğundan gileylənən rəssam nəticədə qazancın da aşağı səviyyədə olduğunu deyir. Bununla belə, hazırda Eldəniz Abdullayev müxtəlif rəsm və heykəltəraşlıq əsərləri yaratmağa davam edir. Rəssamın son əl işi isə çox maraqlı bir rəsm əsəridir. Əsərə hələ ad vermədiyini deyən Eldəniz Abdullayev bunu iş yekunlaşdıqdan sonra edəcəyini deyir.