Məktəbliləri gözləyən təhlükə!

09 2020 18:04
Şəkinin bəzi şəhər və kənd məktəbləri avtomobillərin sürətlə hərəkət etdiyi yol kənarlarında yerləşir. Bu məktəblərdə təhsil alan şagirdlər isə gündəlik olaraq təhlükəyə məruz qalır. Çünki avtomobillər sürətə məhəl qoymur.

Şagirdlərin dərsə gəlib getdiyi saatlarda məktəblərin qarşısında tıxaclar yaranır. Nəticədə sürücülər ərazidən tez keçmək üçün ya sürət həddini aşır ya da qayda pozuntularına səbəb olur. Hansı ki, bu da şagirdlərin həyatı üçün təhlükə yaradır. Eynilə bəzi mikroavtobuslar da məktəbin qarşısında olan piyada keçidində dayanır və dərsdən çıxan şagirdlərin yolu keçməsinə maneə yaradırlar. Kənd məktəblərində də analoji hallar müşahidə edilir. Xüsusilə də magistral yol kənarında yerləşən məktəblərdə yolu qarşıdan qarşıya keçmək böyük cəsarət tələb edir. Nəticədə valideynlər övladlarını məktəbə tək buraxmaqdan çəkinirlər. Belə ərazilərdə yol patrul xidmətinin rolu əvəzsizdir. Çünki, sürət həddinə ərazidə nişanların olmasına baxmayaraq riayət etməyən sürücülər yol patrul xidməti əməkdaşlarını gördükdə yavaşlayırlar. Ancaq nəzərə almaq lazımdır ki, ərazidə daim polis əməkdaşları olmur. Nəticədə qayda pozuntuları olduğu kimi qalır. Təkcə Şəki-Qax magistralında son 6 ayda piyadaların vurulması ilə nəticələnən çox ağır yol nəqliyyat hadisələri baş verib. Həmçinin piyadalara yol verməyən və dayancaqdan kənarda sərnişinin istəyi ilə ictimai nəqliyyatı saxlayan sürücülər barədə protokollar tətbiq edilir və cərimələnirlər. 2019-cu ildə bu cür qayda pozuntusuna görə 65 sürücü barədə inzibati protokol tətbiq edilib. Şəki DYPB-dən həmçinin bildirildi ki, ötən il 56 təhsil müəssisəsində maarifləndirici tədbirlər həyata keçirilib. Bu istiqamətdə işlər bu ildə davam etdiriləcək.