Şamaxıda zəlzələdən sonra tikilən binalardan 2-si püşkatma yolu ilə vətəndaşlara paylanıldı...

25 Dekabr 2019 16:51

Ölkə rəhbərinin tapşırığı ilə Şamaxıda zəlzələdən evləri qəzalı vəziyyətə düşən vətəndaşlar üçün tikilən 3 çoxmənzilli binadan 2-sindəki mənzillər rayon İcra Hakimiyyətində vətəndaşların iştirak etdiyi püşkatma ilə öz sahiblərinə paylanılıb. 44 və 20 mənzilli olan bu binaların tikintisinə mart ayında başlanılıb, dekabrın əvvəlində isə tikinti işləri bitərək istifadəyə hazır vəziyyətə gətirilib. Bu binalardan başqa Şamaxıda vətəndaşlar üçün nəzərdə tutulan 110 mənzilli binanın tikintisi isə davam etdirilir. Qeyd edək ki, təbii fəlakətdən keçən dövrdə vətəndaşların müraciəti əsasında 6 mindən çox evə baxış keçirilib. Bu evlərdən 340-dan çoxu qəzalı, 1300-ə yaxınının bərpaya, 2260-dan çoxunun isə təmirə ehtiyacı olduğu qeyd olunub. Qəzalı hesab olunmuş evlərin tikintisi, həmçinin digər evlərin bərpası və təmiri işləri sürətlə davam etdirilir. Bundan əlavə, zəlzələdən evlərinə ziyan dəymiş vətəndaşların sosial vəziyyətini nəzərə alaraq Heydər Əliyev Fondu tərəfindən Şamaxı rayonu üzrə 35 ev tikilib, 12 evdə isə təmir-bərpa işləri görülüb.