Qatı duman ağır qəzaya səbəb oldu...

25 Dekabr 2019 13:42

Zaqatalada qatı duman ağır qəzaya səbəb olub. Hadisə gecə saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Zaqatala rayon sakini, 36 yaşlı Tural Gülməmmədov idarəetdiyi “VAZ 2106” markalı minik avtomobili ilə Zaqataladan Əliabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən qatı duman səbəbindən idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb. Qəza zamanı sürücü Tural Gülməmmədov hadisə yerində ölüb. Sükan arxasında sıxılmış vəziyyətdə qalan sürücünün meyiti Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə hadisə yerinə çağrılmış Təcili Yardım briqadasına təhvil verilib. Avtomobildə olan iki nəfər, sürücü Tural Gülməmədovun yaxın qohumları, Teymur və Rüfət Gülməmmədovlar aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.