Şamaxı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb...

24 Dekabr 2019 18:22
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Şamaxı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb. Bu münasibətlə mərkəzə mediatur təşkil edilib.
Şamaxı “ASAN xidmət” mərkəzi əsasən Şamaxı, Qobustan, İsmayıllı, Ağsu və Göyçay rayonlarında qeydiyyatda olan 450 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək. Qeyd edək ki, 5 dekabr tarixində Prezident İlham Əliyev Şamaxı “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. Yeni açılmış xidmət mərkəzi müasir innovasiyalara cavab verən texnologiya ilə təmin olunaraq vətəndaşların istifadəsinə verilib. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçiriləcək.​ Fəaliyyətin ilk günü “ASAN xidmət” və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, ASAN Radionun media dəstəyi ilə Şamaxı “ASAN Həyat” kompleksində konsert proqramı da təşkil olunub. Tədbir 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il, “ASAN xidmət” işçilərinin peşə bayramı günü və ASAN Radionun 4 yaşına həsr olunub. Konsert proqramında Azərbaycanın​ Xalq artistləri və tanınmış sənətçilər musiqi nömrəsi ilə çıxış ediblər .