Şamaxıda 1-ci Regional İxtisaslaşma Konfransı keçirilib...

20 Dekabr 2019 16:08

Şamaxıda İqtisadiyyat Nazirliyi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 1-ci Regional İxtisaslaşma Konfransı keçirilib. Konfrans Şamaxı Şərab İxtisaslaşması Strategiyasının maliyyələşdirilməsi, həyata keçirilməsi imkanları və potensial layihə ideyaları haqqında fəal müzakirəni təşviq etmək məqsədini daşıyıb. İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, 10 rayonun icra hakimiyyətinin, Azərbaycanda fəaliyyət göstərən donor təşkilatların nümayəndələri, KOB agentliyi, sahibkarlar və fermerlərin qatıldığı tədbirdə regionun inkişafını dəstəkləyən tədbir və layihələr müzakirə olunub. Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda kənd yerləri və regional inkişafa dəstək” layihəsinin əhəmiyyəti və Avropa Birliyi ölkələrinin təcrübələrindən yararlanmağın vacibliyi qeyd edilib. Tədbirdə rayon icra hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanan strategiya və investisiya layihələri təqdim edilib. Ölkədə fəaliyyət göstərən donor təşkilatların nümayəndələri çıxış edərək, Şamaxıda ixtisaslaşma strategiyasının icrasına verə biləcəkləri töhfələr haqda məlumat veriblər.