Şəki və Oğuzda yeni məktəb binası istifadəyə verildi...

19 Dekabr 2019 17:04

Şəki şəhərindəki 11 saylı tam orta məktəb üçün inşa edilən 960 şagird yerlik yeni məktəb binasının açılışı olub. Dövlət başçısının sərəncamına əsasən inşa edilən dördmərtəbəli və beş korpusdan ibarət yeni məktəb binasında 58 otaq, o cümlədən 38 sinif otağı, 12 fənn kabineti, fizika, kimya və biologiya laboratoriyaları, məktəbəqədər, hərbi hazırlıq, linqafon, informatika otaqları, kitabxana, oxu zalı, yeməkxana, akt və idman zalları yerləşir. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri də quraşdırılıb. 2 dəfə “Ən yaxşı ümumtəhsil məktəbi” respublika müsabiqəsinin qalibi adını qazanan 11 saylı məktəbdə hazırda 930 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 121 müəllim məşğul olur. Daha sonra Təhsil naziri Ceyhun Bayramov məktəbin akt zalında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb. Assosiasiyanın fəaliyyətini yüksək qiymətləndirən Təhsil naziri bu qurumun müəllimləri daha məhsuldar və səmərəli işləməyə həvəsləndirdiyini bildirib. Görüşün sonunda gənc müəllimləri maraqlandıran suallar cavablandırılıb. Ardınca isə Oğuz rayon Padar kəndində 460 şagird yerlik tam orta məktəbin əsaslı təmirdən sonra açılışı olub. İştirakçılar təhsil ocaqlarının maddi-texniki bazası ilə tanış olublar. Yeni məktəb müasir istilik sistemi ilə təchiz edilib, sinif otaqları, fənn kabinetləri və laboratoriyalar, yeməkxana, idman zalı və kitabxanalar müasir səviyyədə qurulub.