Balakəndə silahlı insident: Ata oğlunu güllələdi!

19 Dekabr 2019 13:07

Balakəndə silahlı insident baş verib. Ata Rusiyadan yenicə qayıdan oğlunu güllələyib. Hadisə axşam saatlarında rayonun Yeni Şərif kəndində baş verib. 53 yaşlı Məhəmməd Bağmanov yaşadığı ünvanda ov tüfəngi ilə oğlu - 34 yaşlı Əhməd Bağmanovu güllələyib. Ov tüfəngindən açılan atəş nəticəsində Əhməd Bağmanov ağır yaralanıb. Ətrafa yayılan qırmalar 49 yaşlı Həvva Bicilova, 18 aylıq körpə Xədicət Bağmanova və 39 yaşlı Məryəm Anarəcəbovanı da yaralayıb. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Silahlı insidentlə bağlı Səhiyyə nazirliyi də məlumat yayıb. Məlumata görə, azyaşlı körpə ilkin tibbi yardımdan sonra evə yazılaraq qohumlarına təhvil verilib. Digər yaralıların müalicəsi isə davam edir. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunur. Faktla bağlı Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.2.4 (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və zəruri ekspertizalar təyin edilib.