"Cırtdan nağıllar aləmində" Şamaxıda...

18 Dekabr 2019 17:29

Leyla Əliyevanın təşəbbüsü ilə Şamaxıda "Cırtdan nağıllar aləmində adlı ailəvi meqa-şou" təşkil edilib. Minlərlə uşaq və valideynlərinin qatıldığı şou, böyükdən kiçiyə hər kəsin sevincinə səbəb olub. Şounun sujet xəttinə əsasən valideynləri Cırtdanı evdə qardaşı ilə birlikdə qoyaraq gedirlər. Bir müddət sonra Cırtdan qardaşını itirir və onu axtarmağa başlayır. Göydən düşən ulduzlar, səmaya pərvaz edən əlvan pərilər Cırtdanla birlikdə tamaşaçıları sehrli aləmə aparır. Şounun sonunda Cırtdan qardaşına qovuşur və Məlikməmmədlə Əjdahanın köməyi ilə qara qüvvələr tərəfindən tilsimlənmiş Yeni ili geri qaytarırlar. Bənzərsiz, rəngarəng və yaddaqalan şou xüsusilə də balaca tamaşaçıların zövqünü oxşayıb. Şouda 300-dək əlvan kostyum, 120-dək müxtəlif oyuncaqdan istifadə edilib. Bu təşəbbüs bir daha sübut edir ki, humanistlik və xeyirxahlıq dəyərlərini fəaliyyətində əsas meyar kimi müəyyən edən Leyla Əliyeva gələcəyimiz olan uşaqların milli ruhda böyüməsi, eyni zamanda, onların bəşəri dəyərlərə hörmət ruhunda tərbiyə almasına mühüm töhfələr verir.