EKTİS fermerlərə aqrar kredit üçün müraciət imkanı yaradacaq...

16 Dekabr 2019 17:21

Kənd Təsərrüfatı Nazirliyi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı bölgələrdə maarifləndirici görüşləri davam edir. Balakən, Zaqatala, Qax və Şəki fermerləri ilə görüşdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin fermerlərə yaratdığı üstünlüklərdən bəhs edilib. Vurğulanıb ki, aqrar subsidiyalardan əlavə, fermerlər EKTİS vasitəsilə gübrə, sertifikatlı toxum sifariş edə, baytarlıq, fitosanitar xidmətlərdən yararlana, aqrar kredit almaq üçün müraciət edə biləcək. Subsidiyaların əvvəlki illərdən fərqli olaraq ilin əvvəlində verilməsi fermerlərə təsərrüfat xərclərini qarşılamaq üçün imkan yaradacaq. Fermer subsidiya vəsaitinin 25 faizini nağdlaşdıra biləcək, 75 faizini isə nağdsız əməliyyatlar vasitəsilə aqrar xidmətlər üçün istifadə edə biləcək. Bu günədək 228 min fermer artıq EKTİS-də payızlıq əkinləri bəyan edib. Fermerlər informasiya məsləhət xidməti almaq üçün Dövlət Aqrar İnkişaf mərkəzlərinə, "ASAN xidmət" mərkəzlərinə , həmçinin Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət edə bilərlər.