Şəki növbəti dəfə Prezident Kuboku uğrunda çövkən milli oyununa ev sahibliyi edir...

16 Dekabr 2019 16:02
Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Milli Atüstü Oyunları Mərkəzində Prezident Kuboku uğrunda milli atüstü oyunlarının keçirilməsi artıq ənənə halını alıb. Oyunlar respublika ictimaiyyətində böyük marağa səbəb olmaqla, xalqımızın qədim tarixi ənənələrinin bərpasına və dirçəldilməsinə xidmət edir. Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən bu ilki yarışlarda 12 komanda mübarizə aparır.
Çövkən milli oyunu üzrə yarışlarda Şəki, Ağcabədi, Ağstafa və İsmayıllı Regional Mədəniyyət idarələrinin təmsilçiləri, həmçinin Bakı şəhərinin “Buta”, “Qala”, “Qarabağ”, “Köhlən”, “Murad”, “Omar”, “Polad” və “Sərhədçi” komandaları mübarizə aparırlar. Yarışların rəsmi açılış mərasimində Mədəniyyət Nazirliyinin, Atçılıq Federasiyasının, Şəki Şəhər İcra Hakimiyyətinin rəsmiləri və digər qonaqlar iştirak ediblər. Azərbaycanın çövkən oyununun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmasının əhəmiyyəti xüsusi vurğulanıb.Musiqi kollektivinin çıxışından sonra komandalar cəngi sədaları altında tribunanın önündən keçərək, meydana daxil olublar. Şəki və “Qarabağ” komandaları arasında keçirilən ilk oyun Şəki komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 12 komanda arasından “Sərhədçi”,“Omar, “Buta” və “Polad” komandaları yarımfinala vəsiqə qazanıblar. Qeyd edək ki, yarımfinal və final oyunları dekabrın 22 və 24-də Bakının Binə Atçılıq Mərkəzində keçiriləcək.Qaliblərə Mədəniyyət Nazirliyinin diplomu və pul mükafatları təqdim ediləcək.