Ulu Öndərin anım günü ilə əlaqədar şimal-qərb bölgəsində keçirilən anım mərasimlərində izdiham yaşanıb...

12 Dekabr 2019 17:35
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Şamaxıda keçirilən anım mərasimində böyük izdiham yaşanıb. Ulu Öndərin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edən rayon icra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəsmiləri və yüzlərlə rayon sakini dahi rəhbərə ehtiramlarını nümayiş etdiriblər. Abidə önünə gül-çiçək düzən şamaxılılar xalqımızın bu gün firavan yaşamasında misilsiz xidmətləri olan Ümummilli Liderin xatirəsini anıb, dualar ediblər. Anım tədbir Heydər Əliyev Mərkəzində​ davam etdirilib. İştirakçılar Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən foto sərgiyə , ardınca filmə baxıblar. Tədbirin sonunda Ümummilli Liderin vəfatının 16 il dönümü ilə əlaqədar Tarixi Cümə Məscidində ehsan süfrəsi açılıb. İsmayıllıda da Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar izdihamlı anım mərasimi keçirilib. Rayon administrasiyası ilə yanaşı, ictiamiyyət nümayəndələri də Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək düzüblər. Ardınca Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ulu Öndərin həyat və yaradıcılığına həsr edilən filmin nümayişi olub. Çıxış edənlər vurğulayıb ki, Ulu Öndər Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı kimi düşüb. Dahi rəhbər azərbaycançılıq ideyasının yaradıcısı olub, Vətənin müstəqilliyi, inkişafı üçün möhtəşəm işlər görüb. Şəkidə də Ümummilli Lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə anım mərasimi təşkil olunub. Şəhər rəhbərliyi, hüquq-mühafizə orqanları, idarə və qurum rəhbərləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək düzüblər. Daha sonra Heydər Əliyev mərkəzində Ulu Öndərin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Çıxış edənlər ümumilli liderin zəngin irsi və şərəfli ömür yolundan danışıb, Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğunu vurğulayıblar. Daha sonra tədbirin bədii hissəsi start götürüb. Ulu Öndərin xatirəsinə həsr edilmiş musiqilər səsləndirilib.
Zaqatalada da rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüb, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər. Ardınca keçirilən tədbirdə vurğulanıb ki, Heydər Əliyev həyatını doğma xalqının azadlığına, müstəqilliyinə və milli tərəqqisinə həsr etməklə hər bir azərbaycanlının qəlbində özünə möhtəşəm abidə ucaldıb, xalqın Ümummilli Liderinə çevrilib.
Ulu öndərin anım günündə Qax rayonun da izdiham yaşanıb. Səhər saatlarından etibarən şəhər rəhbərliyi başda olmaqla, yüzlərlə Qax sakini ulu öndərin abidəsini ziyarət edib. Dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər düzüb,ehtiramlarını bildiriblər.Rayon sakinləri ulu öndəri daim qəlblərində yaşadacaqlarını bildiriblər.
Balakən, Oğuz və Qobustan rayonlarında keçirilən anım mərasimlərində də izdiham yaşanıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə təşkil olunan mərasimlərdə bu rayonlarda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.