“Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi Ümummilli Liderin anım gününə həsr edilib...

11 Dekabr 2019 16:29

İsmayıllı şəhər Mədəniyyət Mərkəzində keçirilən “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi Ümummilli Liderin anım gününə həsr olunub. Məşğələdə “Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Azərbaycançılıq ideologiyası Prezident İlham Əliyevin rəhbərlik fəaliyyətinin əsasıdır” mövzusunda söhbət açılıb. Ziyalılar, icra sturkturlarının rəsmiləri, ictimaiyyət nümayəndələri və veteranların qatıldığı məşğələdə Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Azərbaycan xalqının Ümummilli Lideri, müasir, müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin istər sovetlər birliyi dövründə, istərsə də müstəqillik illərində dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb. Çıxış edənlər Böyük Öndərin dövlətçilik fəlsəfəsi və Azərbaycançılıq ideologiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıblar. Sonda rayon təhsil şöbəsinin ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar keçirdiyi inşa yazı müsabiqəsində I,II və III yerləri tutan qaliblər mükafatlandırılıb.