Şamaxıda zəlzələ nəticəsində yararsız hala düşən evlərin sahibləri yeni binaya köçürüldü...

09 Dekabr 2019 15:26

Bu ilin fevral ayında baş verən zəlzələdən sonra Prezident İlham Əliyevin tapşırığına və sərəncamlarına uyğun olaraq, Şamaxı, Ağsu və İsmayıllıda yararsız vəziyyətə düşən evlərin yerində yüzlərlə fərdi yaşayış evi, iki yaşayış binası tikilərək sakinlərin istifadəsinə verilib. Prezident İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub, Xuraman Həsənovanın evinə baş çəkib, ailə üzvləri ilə süfrə arxasında söhbət edib. Əməkdaşlarımız həmin evdə olub, ev sahibinin təəssüratlarını öyrənib. Şamaxı rayon sakini, 75 yaşlı Xuraman Həsənovanın fərdi yaşayış evi də zəlzələ zamanı qəzalı vəziyyətə düşmüşdü. Mənzil yaşamaq üçün yararsız olduğundan dövlət başçısının tapşırığı ilə Xuraman nənəyə də dördmərtəbəli yaşayış binasından bütün əşyaları ilə təmin olunan üçotaqlı mənzil verilib. Şamaxıdakı zəlzələdən sonra dövlət başçısı tərəfindən sakinlərə göstərilən diqqət və qayğı hər bir şamaxılının ürəyincə olub. Bu günə kimi Şamaxıda 1175 qəzalı evdən 1036-da bərpa işləri görülüb, hazırda rayon ərazisində 139 evin bərpası davam edir. Şamaxıda deyil, zəlzələdən ziyan görmüş Ağsu və İsmayıllı rayonlarında da yeni evlər tikilir, həmçinin bərpa işləri aparılır.