Bələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə dair seminar-müşavirə keçirilib...

05 Dekabr 2019 15:09

Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsi, ictimai asayişin qorunması mühüm amillərdən biridir. Bu fikir seçkilərdə polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar Şəkidə keçirilən regional seminar-müşavirədə səsləndirilib. Seminar-müşavirədə MSK-nın, Daxili İşlər Nazirliyinin rəsmiləri ilə yanaşı, regionda fəaliyyət göstərən 17 dairə seçki komissiyasının sədrləri və 11 şəhər və rayon polis orqanlarının nümayəndələri iştirak ediblər. Seçki qanunvericiliyi, seçki sistemi, səsvermə prosesi və polis orqanlarının birgə fəaliyyətinin əsasları diqqətə çatdırılıb. Seçkilərin sabitlik və əmin-amanlıq şəraitində keçirilməsi üçün daxili işlər orqanlarının qarşısına qoyulmuş vəzifələrin nümunəvi yerinə yetirilməsinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, seçkilərdə ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi tədbirlər planı təsdiq edilib və icrası nəzarətə götürülüb. Sonda iştirakçıların sualları cavablandırılıb.