Şamaxıda əkinlərin bəyan edilməsi prosesi ilə bağlı maarifləndirici görüş keçirilib...

03 Dekabr 2019 16:26
2020-ci ildən başlayaraq aqrar subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcək. Yeni subsidiya mexanizminin tətbiqi ilə əlaqədar fermerlər subsidiya almaq üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemidə şəxsi kabinet yaratmalı, öz aqrar fəaliyyətlərinə dair məlumatları və müvafiq sənədləri sistemə daxil etməlidir. Kənd Təsərrüfatı nazirliyi fermerləri maarifləndirmək məqsədilə Şamaxıda görüş keçirib.
Noyabr ayından etibarən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə əlaqədar növbəti mərhələyə start verilib. Bu mərhələdə fermerlər öz şəxsi kabinetlərinə daxil olaraq əkdikləri məhsulları bəyan etməlidirlər. Hazırda 100 mindən artıq fermer payızlıq əkin dövründə əkdiyi məhsul barədə məlumatı sistemə daxil edib. Proses hazırda davam edir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Şamaxıda keçirilən görüşdə də əkinlərin bəyan edilməsi prosesi müzakirə olunub. Aqrar sektora dövlət dəstəyinin yeni mexanizmi, Aqrar Subsidiya Şurası tərəfindən müxtəlif məhsullar üzrə müəyyənləşmiş əmsallar, fermerlərə veriləcək subsidiyaların aqrar sahənin inkişafına göstərəcəyi müsbət təsir ətrafında fikir mübadiləsi aparılıb. Fermerlərin payızlıq əkinləri bəyan etməsi prosesinə kömək göstərmək üçün Dövlət Aqrar İnkişaf mərkəzlərində, Quba, Qəbələ, Şəki, Gəncə, Sabirabad, İmişli, Masallı və Bərdə “ASAN xidmət” mərkəzlərində xidmət pəncərələri yaradılıb. Bundan başqa, nazirliyin nümayəndələrindən ibarət səyyar qruplar bölgələrdə fermerlərə müvafiq informasiya-məsləhət xidmətləri göstərirlər.