“Şəhidimiz” kampaniyasına qoşulan könüllü gənclər Şəkidə şəhid ailələrinə baş çəkiblər...

02 Dekabr 2019 17:14

“Şəhidimiz” adlı sosial kampaniyaya qoşulan könüllü gənclər şəhid ailələrini ziyarət ediblər. Kampaniya Gənclər Fondu və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində həyata keçirilir. "Könüllülük Həftəsi”nin ilk günü Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin qorunub saxlanılması, şəhid ailələrinə qayğı göstərilməsi məqsədini daşıyır. Şəkidə keçirilən tədbir çərçivəsində əvvəlcə Gənclər Fondu və ASAN xidmət, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakçıları və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları şəhidlər xiyabanını ziyarət edib, vətən uğrunda həlak olan Vətən övladlarının ruhuna dualar oxunub. Daha sonra şəhidlər Asim Sadıqov, Vasif Rəsulov, Sahib Məcidov, Kazım İsmayılov, Elxan Fəttahov, Telman Abdurəhmanov, Pərviz Mustafayev və Akif Yunusovun ailəsi ziyarət edilib, yardımlar paylanılıb. Kampaniya çərçivəsində həmçinin 5 dekabr tarixində Azərbaycan Könüllülərinin Həmrəylik Forumunda və xüsusi konsert-əyləncə proqramında minlərlə gənc iştirak edəcək. Həftənin ən fəal 300 könüllüsü 4 günlük qış düşərgəsində faydalı istirahət və əyləncə, şəxsi inkişaf imkanı əldə edəcəklər.