Kənd məktəbində şəhərlilərin belə arzusunda olduğu ənənə...

28 Noyabr 2019 14:35
Balakən rayonunun ən ucqar, qonşu Gürcüstanla sərhəddə yerləşən İtitala kəndində məktəbə yolu düşən hər kəs, özünü Avropanın hansısa inkişaf etmiş bölgəsində hiss edir. Məktəbin həyətində böyük velodayanacaqda səliqəylə düzülən 100-dən çox velosiped öz sahibini gözləyir. Çünki məktəbin hazırlıq sinfindən 11-ci sinfinədək əksər şagirdləri təhsil müəssisəsinə velosipedlə gedib gəlirlər. Bu maraqlı məkana əməkdaşlarımız da baş çəkib. Bu məktəbə şagirdlər velosipedlə gəlir... Kəndin 4 bir yanından məktəbə gələn şagirdlərin yolunun uzaq olması bu ənənənin əsasını qoyub. Azərbaycan və gürcü bölmələri olmaqla ümumilikdə 368 şagirdin təhsil aldığı İtitala kənd məktəbində artıq 5 ildən çoxdur ki, dərsə velosipedlə gedib gəlmək bir ənənəyə çevrilib. Şagirdlər səhər dərsə gəldikdə həyətdə bu məqsədlə ayrılmış ərazidə velosipedi səliqə ilə saxlayır, dərsdən çıxdıqda isə sürərək, evlərinə gedirlər. Hər sinfin cərgəylə ayrılan öz saxlama yeri olduğu üçün dərs sonu şagirdlər qarışıqlıq yaşamırlar. Uzaq yolu yaxın etməklə yanaşı, sağlamlığa da faydası olan bu nəqliyyat vasitəsindən müəllimlər də istifadə edir. Sağlam həyat tərzi dərslərə də təsirini göstərir. Velosipedlə dərsə gəlmək şagirdlərin öz seçimidir. Məktəb isə sadəcə velosipedlərin saxlanılması üçün ayrıca yer və dərs saatlarında şagirdlərə məxsus əmlakın qorunması kimi məsələlərə nəzarət etməklə bu məsələdə öz dəstəyini göstərir.