Zaqatalalı gənc lazımsız şinlər, mişar və qaya daşlarına ikinci həyat verir...

26 Noyabr 2019 17:30
İncəsənət sahəsi elə adından da göründüyü kimi, çox incə bir sahədir. Əsası ətrafda gördüyümüz hər şeyə yaradıcı yanaşmaqdır. Elə növbəti sujetimizin qəhrəmanı kimi... Adi daş parçalarını sənətə çevirən 31 yaşlı gəncin əl işləri çoxlarında maraq oyadır.
İncəsənətin mozaika və dağlama növü ilə məşğul olan Zaqatalalı gənc heç bir ali təhsil almayıb. Həmsöhbətimiz incəsənətə marağının uşaqlıqdan yarandığını bildirir. Lazımsız maşın şinləri, mişar və qaya daşlarına ikinci həyat verən Həybullah Babayev bu sənətin sirrlərinə kimsənin köməyi olmadan özü öz marağı nəticəsində yiyələnib. Düzəltdiyi əşyaları əsasən öz həyətində sərgiləyən gənc bu bacarığına qazanc yox, hobbi kimi baxır. İlk baxışdan sadə görünən əl işlərinə diqqətlə baxdıqda, bu işin nə qədər dəqiqlik və səbr tələb etdiyini görmək olur. Əl əməyi göz nuru ilə ərsəyə gətirdiyi əsərlərini satmasa da hədiyyə kimi qohumlarına verib. Yaradıcı gəncin digər fərqli hobbisi isə idmanın qaçış növüdür. Marafon qaçışına maraq göstərən qəhrəmanımız Respublika və Gürcüstanda keçirilən yarışlarda qalib olmağı da bacarıb.