ABŞ-ın “Buyepongo” musiqi qrupu Qəbələdə...

26 Noyabr 2019 16:55

Azərbaycanda səfərdə olan ABŞ-ın “Buyepongo” musiqi qrupu regionlara səfər proqramı çərçivəsində sonuncu konsertini Qəbələ şəhərində verib. Qəbələ Mədəniyyət Mərkəzində təşkil edilən konsertin əvvəlində ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Riçard Pinkam çıxış edərək, musiqi qrupunun fəaliyyəti barədə qısa məlumat verib. Bildirilib ki, ABŞ-ın Azərbaycandakı səfirliyi ölkələrimiz arasında dostluq və mədəniyyət sahəsində əlaqələri genişləndirmək məqsədilə davamlı olaraq proqramlar həyata keçirir. Bildirilib ki, “Buyepongo” qrupu Qəbələdən əvvəl Bakıda, həmçinin Gəncə, Şəki və Zaqatalada maraqlı konsert proqramları ilə çıxış edib. Qrupun Azərbaycandakı bütün konsertləri pulsuz və ictimaiyyət üçün açıq olub. “Buyepongo” qrupunun təqdim etdiyi Latın Amerikasına xas hip-hop, pank, fank və caz musiqilərindən ibarət nömrələr tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.